Qəzza testi: Heç kim keçə bilmədi... | Vüsal Məmmədovun yazısı

      Qəzza testi:    Heç kim keçə bilmədi...    | Vüsal Məmmədovun yazısı
  13 Noyabr 2023    Oxunub:9013
Qəzza zolağında müharibə yeni başlayanda bölgədəki radikal İslamçı mərkəz və qüvvələr bir ucdan “Həmas”a dəstək bəyanatı səsləndirirdilər. “Yetim”ə gəl-gəl deyən çox idi. Hamısı bir ağızdan İsrailə xəbərdarlıq edirdilər ki, Qəzzada yerüstü əməliyyata başlamasın. İşdir, əgər başlasa...
• ...İran deyirdi ki, üç milyon könüllü müharibəyə yollanaraq, “sionist rejimi xəritədən siləcək”. Ölkə hətta “Əl-Əqsa daşqını” əməliyyatına görə parlament və prezident səviyyəsində “Həmas”ı təbrik etmişdi...
• ...“Hizbullah” bəyan edirdi ki, Livan sərhədini keçərək, İsrailə qarşı ikinci cəbhə açacaq. Hətta sərhəddə qoşun da toplayırdı...
• ...Yəmən bildirirdi ki, Qəzaya soxulmaq İsrailə baha başa gələcək...
Amma nəticədə nə oldu?

Artıq müharibə bir aydan çoxdur davam edir. İsrail ordusu quru əməliyyatına da başlayıb, Qəzzanın bir qismini nəzarətinə də alıb. “Həmas”a kömək vəd edənlər isə ortada görünmürlər. Hamısı guruldamaqla kifayətləndi, yağanı olmadı.

İran siyasi dəstək bəyanatlarından başqa praktik olaraq heç nə etmədi. Nə Qəzzaya könüllülər göndərdi, nə də silah-sursat. Tehran rəsmilərinin “regiondakı müqavimət qüvvələri” deyərkən nəyi nəzərdə tutduqları müəmmalı qaldı. Çünki İsrailin quru əməliyyatı heç bir regional müqavimətlə rastlaşmadı.


"Hizbullah" sərhəddən İsrail mövqelərini atəşə tutmaqla və bir neçə uğursuz, hətta gülünc həmlə cəhdi ilə kifayətləndi. Təşkilatın lideri Həsən Nəsrullah saatyarımlıq çıxışında İsrailə qarşı müharibəni “sumud savaş” elan etdi. Sumud – yəni səbrlə, soyuqqanlılıqla aparılan ideoloji mbarizə deməkdir. Bir növ “Nəsimi” filmindəki “Fəzlin qiyamı” kimi taxta qılıncla aparılan savaş. Başqa sözlə, döyüş əməliyyatından söhbət də gedə bilməz. Halbuki, təkcə fələstinlilər yox, bütün müsəlman aləmi "Hizbullah" liderinin İsrailə müharibə elan edəcəyini gözləyirdi. Aydın oldu ki, bu təşkilatın hətta İsrail sərhədindəki fəallığı da olsa-olsa sifətini itirməmək üçündür.

Yəməndəki husilər İrandan aldıqları bir neçə dronu və raketi İsrail tərəfə buraxmadan başqa heç nə etmədilər. Onların da bəzilərini Aralıq dənizindəki ABŞ gəmiləri zərərsizləşdirdi, bəzilərini “Dəmir qübbə”.

Bu yazıları da oxuyun:
Hər şey belə başladı: Birinci yəhudi-ərəb müharibəsi, yaxud İsrail necə yaranmışdı
"Muşketyor" əməliyyatı və Süveyş böhranı: İsrail Qəzzanı necə tutmuşdu

Misir az qala bütün dünyadan gələn xahişlərə və tələblərə baxmayaraq, Rəfahdakı sərhəd-buraxılış məntəqəsinin qapısını açmadı. Ən yaxşı halda müəyyən şəxslər üçün bir qədər araladı. Halbuki, bu hətta siyasi və hərbi də yox, sırf humanitar məsələ idi.

Lap tutaq ki, ABŞ-ın regiona göndərdiyi aviazərbə qrupları həqiqətən ciddi arqumentdir və hamını döyüşə girməkdən çəkindirə bildi. Amma hərbi əməliyyatlar meydanından kənarda da Qəzzaya dəstək vermək mümkün idi axı – məsələn, sözdə Qəzzanın arxasında durub, sinəsinə döyən ölkələrinin birləşib, koalisiya yaradıb, İsrailə və Qərbə qarşı həmrəy siyasi-diplomatik addımlar atması effekt verə bilərdi. Amma hətta bu da olmadı. Yəni heç diplomatik həmrəylik də qənaətbəxş sayıla bilməz.

Dünyanın ayrı-ayrı ölkələrində Qəzzaya dəstək aksiyası keçirənlər də praktik olaraq heç bir faydalı iş görmədilər. Təyyarənin mühərrikində yəhudi axtaranlardan isə danışmağa dəyməz...

Bütün bunlar onu göstərir ki, əvvəla, heç kim səmimi deyil. Guya İsraili ümumi düşmən elan etmək, “xəritədən silmək”lə hədələmək – bunların hamısı radikal dini təfəkkürə malik kütlələri idarə etməyə hesablanmış boş sözlərdir. Reallıqda hər kəs özünün praqmatik maraqlarının nə tələb etdiyini gözəl bilir və davranışında əsas götürür.

“Həmas” İsrailə qarşı müharibəyə başlayanda onu şirnikləndirən, təhrik edənlər olubmu, ya yox – burası hələ tam bəlli deyil, dünya mediasında müxtəlif versiyalara baxılır. Amma əgər olubsa və “Həmas” da onlara inanıbsa, sadəcə, təəssüf etmək qalır. “Həmas”a görə yox, onlar layiq olduqlarını alırlar. Qəzza zolağındakı dinc insanlar görə...

Vüsal Məmmədov

AzVision.az


Teqlər: İsrail   Qəzza   Həmas  





Xəbər lenti